Hacıyev Nizami Sabir oğlu 1961-ci ildə Gəncə şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1968-ci ildə Gəncə şəhər 20 nömrəli dəmir yol orta məktəbin birinci sinfinə daxil olmuş, 1976-cı ildə təhsilini Şəmkir rayonu Nizami adına orta məktəbdə davam etdirib, 1978-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir.
1978-ci ildə Gəncə şəhəri Çini qablar zavodunda trafaretçi, 1979-cu ilin may ayından sentyabr ayına kimi Şəmkir rayonu Əzizbəyov adına sovxozda fəhlə işləmişdir.
1979-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meyvə-tərəvəzçilik və üzümçülük fakültəsinə daxil olmuş, 1984-cü ildə həmin institutu bitirib alim-aqronom ixtisasını almış, sonradan ADAU-nun ümumi iqtisadiyyat fakültəsini bitirmişdir.
1984-1987-ci illərdə əmək fəaliyyətini Şəmkir rayonu Kirov adına sovxozda davam etdirmiş, 1987-ci ilin iyulunda AKTİ-nin botanika kafedrasının nəzdində geobotaniki ekspedisiyada mühəndis botanik, 1988-ci ildə botanika kafedrasında stajor-müəllim vəzifələrində çalışmışdır.
1989-cu ildə aspiranturaya qəbul olmuş, 1992-ci ildə aspiranturanı bitirmişdir. Həmin vaxtdan botanika kafedrasında laborant işləmişdir.
1993-cü ildə Gəncə Şəhəri Nizami Rayonu İcra Hakimiyyəti başçısı aparatında inspektor, həddi-bulluğa çatmayanların işləri üzrə təlimatçı vəzifələrində çalışmış, 1994-cü ilin aprel ayında Gəncə Şəhəri İcra Hakimiyyəti başçısı Aparatının humanitar məsələlər şöbəsində məsləhətçi, 1997-ci ildə həmin şöbədə böyük məsləhətçi vəzifəsində fəaliyyətini davam etdirmişdir.
1999-cu ildə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Təhsil, Səhiyyə və Mədəniyyət şöbəsində böyük referent, 12 may 2003-cü ildən 16 mart 2012-ci ilədək Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Təhsil, Səhiyyə və Mədəniyyət bölməsində baş məsləhətçi vəzifəsində işləmişdir.
1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2012-ci il tarixli 2301 №-li Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənmyə görə” medalı ilə təltif edilmişdir.
Ailəlidir, 3 övladı var.