Ölkə başçısının müvafiq tapşırıqlarına əsasən Gəncədə şəhər rəhbərliyi tərəfindən sakinlərlə mütəmadi görüşlər təşkil olunur, onların şikayət və təklifləri dinlənilir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərlə yaşadıqları ərazilərdə görüşərək, onları narahat edən məsələlərlə yerində tanış olur.
Növbəti belə görüş ADAU-nun Tələbə yataqxanasında baş tutub. Görüşdə Gəncə Şəhər Nizami və Kəpəz Rayon İcra Hakimiyyətlərinin başçıları Nizami Hacıyev və Eldəniz Xudiyev, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, idarə, müəssisə və təşkilat rəhbərləri, habelə ətraf ərazidə yaşayan sakinlər iştirak ediblər.
Görüşdən əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən ADAU məzunlarının şəkillərinin yer aldığı lövhənin önünə tər çiçəklər düzülüb.
Qəbula gələn vətəndaşların şikayət və təklifləri tək-tək dinlənilib. Müraciətlər arasında işlə təminat, küçə işıqlandırılması, şəhərin bir sıra ərazilərində asfalt yol örtüyünün yenilənməsi və digər məsələlər təşkil edib.
Sakinlərə məlumat verilib ki, Gəncə şəhərində müasir küçə işıqlanması ilə bağlı yeni layihə icra olunur. Layihə çərçivəsində şəhərin küçə və prospektlərində, heblə çoxmənzilli yaşayış binaların həyətlərində quraşdırılan işıq dirəklərində aparılan test-sınaq işləri yekunlaşdıqdan sonra, elektrik enerjisinin verilişi təmin olunacaq. Layihənin ikinci mərhələsində isə şəhərin digər ərazilərində anoloji işlər həyata keçiriləcəkdir.