Bütovləşən vətən naminə misilsiz qələbə ilə qayıdan qazilərə və şəhid ailələrinə mütəmadi olaraq dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir.
Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev hərbi əməliyyatlarda qazi adını qazanan rayon sakinlərini, şəhid ailələrini mütəmadi olaraq qəbul edir, onları ziyarət edir və qayğıları ilə maraqlanır.
Bu günkü qəbulda Şuşa və Xankəndi uğrunda gedən döyüşlərdə yaralanan qazilər İbrahimzadə Abdul Faxrəddin oğlu, Rzayev Ayxan Vaqif oğlu, həmçinin Birinci Vətən müharibəsi qazisi Əhmədov Vüqar Məcid oğlu, qazi Namazov İlham İslam oğlunun qızı Namazova Aygün İlham qızı RİH başçısının qəbulunda öz problemlərini bölüşüblər. Sözügedən müraciətlər əsasən, xüsusi mülkiyyətində olan, ancaq abadlıq işləri ilə bağlı sökülən ticarət obyektlərinin yenidən tikilməsinə icazə verilməsi, övladlarının işlə təmin edilməsi və mübahisəli mülkiyyətin bölünməsinə köməklik göstərilməsi ilə bağlı olub.
Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev ilk növbədə həm Birinci, həm də İkinci Vətən müharibəsi qazilərinə vətən uğrunda gedən müharibədə, onların və şəhidlərimizin döyüş yoluna nəzər salarkən hər bir Azərbaycan vətəndaşı kimi qürur duyduğunu bildirdi. Qeyd etdi ki, dövlət, tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananlara və şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərilir.
RİH başçısı N.Hacıyev səsləndirilən müraciətlərin bir qisminin tezliklə həlli istiqamətində aidiyyəti üzrə tapşırıq və müvafiq izahat verib.
Görüşdə iştirak edən qazilər göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını ifadə ediblər.