Yoluxmanın ilk günlərindən etibarən əməl olunması vacib olan 3 sadə qaydaya əməl etməklə bağlı maarifləndirmə işləri aparırıq və bu tədbirləri davam etdiririk. Hər birimizin böyük fədakarlıq nümayiş etdirdiyimiz bu günlərdə xüsusi karantin rejimindən daha qısa bir müddətə çıxmaq, ondan da daha önəmli olan sağlamlığımızı təhlükədən qorumaq və əvvəlki sosial həyatımızı bərpa etmək üçün məsuliyyətimizi ikiqat artırmalıyıq. Çünki koronavirus görəcəyimiz önləyici tədbirlərdən daha güclü deyil və bu tədbirlərdə birlikdə olmalıyıq.
Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin bu məqsədlə təşkil olunmuş mobil qrupları və rayon polis idarəsinin əməkdaşları sözgedən birliyi və məsuliyyəti vətəndaşlarla birgə təmin etmək üçün maarifləndirici-izahedici tədbirləri davam etdirir. Mobil qruplar Nizami rayonunun Heydər Əliyev və Şah İsmayıl Xətai prospektlərində, habelə rayonun əhalinin sıx olduğu mərkəzində yerləşən obyektlərində həm obyekt sahibləri, həm də vətəndaşları ilə maarifləndirici söhbətlər aparıblar. Vətəndaşlara şəxsi iradəmizlə 3 sadə qaydaya; maska taxmaq, sosial məsafə saxlamaq və gigiyena qaydalarına əməl etməklə həyatımızı əvvəlki qaydaya salmaqla yanaşı, zərurət olmadıqca evdən çıxmamağın sağlığımızın və sağlamlığımızın qorunması üçün vacibliyi izah olunur. Maarifləndirmə tədbirləri zamanı vətəndaşlara xidmət götərən obyektlərdə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin tələblərinə hansı səviyyədə əməl olunduğuna da diqqət yetirilir.