“Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsi bu il öz 25 illiyini qeyd edir. Bu, həm Azərbaycan hökuməti, həm də BP və tərəfdaşları üçün çox mühüm hadisədir.
25 il öncə - 1994-cü il sentyabrın 20-də Azərbaycan hökuməti ilə 7 ölkəni təmsil edən bir qrup beynəlxalq neft şirkəti arasında “Azəri-Çıraq-Günəşli” üzrə hasilatın pay bölgüsü haqqında saziş imzalandı. Bu saziş sonradan “Əsrin müqaviləsi” kimi tanındı. 2017-ci ilin sentyabrında isə həmin sazişin müddəti əsrin ortalarınadək uzadıldı.
Azərbaycanı yenidən dünyanın əsas enerji təchizatçılarından birinə çevirməklə ölkə iqtisadiyyatına təkan verən nəhəng dəyişikliklər məhz bu sazişlə başladı.
AÇG-nin 25 illiyi Azərbaycanın neft və qaz sənayesinin yeni tarixinin əlamətdar bir səhifəsidir. Bu ildönümü həm də SOCAR, BP və onun AÇG sazişindəki tərəfdaşları üçün əlamətdar bir tarixdir.
AZƏRTAC